TEXNİKİ MƏRKƏZ

“Silk Vey Helicopter Services” MMC-nin texniki xidmət mərkəzinə hava gəmilərinə texniki xidmətin göstərilməsi üçün nəzərdə tutulmuş anqarlar, texniki xidmət sexləri, cari təmir sexi, akkumulyator sexi və laboratoriya aiddir.

“Silk Vey Helicopter Services” MMC aviasiya şirkətinin hava gəmilərində texniki xidmətləri müasir beynəxalq standartlara cavab verən xüsusi anqarda həyata keçirir. Zabrat Aeroportu ərazisində yerləşən, müasir standartlara cavab verən və 4000 m2 sahəsi olan anqar binası polad və beton konstruksiya ilə inşa olunmuşdur. Anqarda iş şəraitinin yaxşılaşdırılması üçün mərkəzləşdirilmiş elektrik, su və hava-kondisioner sistemi təchiz edilmişdir. Anqarın döşəməsi 30 sm qalınlıqda beton qatı ilə örtülmüşdür. Beton qatının üzərindən xüsusi rezin əsaslı komponent çəkilmişdir. Ferma tipli konstruksiyaya malik tavandan ağır çəkili ehtiyat hissələrinin qaldırılması üçün 1 ton və 1.5 tona qədər yük qaldıra bilən iki ədəd yük kranları asılmışdır.

Hava gəmilərinin anqara giriş – çıxışı 2 ədəd avtomatlaşdırılmış və mexaniki siyirmə sisteminə malik qapıların köməyi ilə həyata keçirilir. Hər bir qapı iki istiqamətə açılan 8 m hündürlüyə malik lövhələrdən ibarətdir. Lövhələr tam açıldıqda qapını eni 24 m məsafə təşkil edir.Anqarda eyni zamanda 3 ədəd Cessna Skyhawk 172S tipli təyyarələrin və 8 helikopterin yerləşdirilməsi mümkündür.

Hava gəmilərinin statik gərginliyini sıfıra bərabərləşdirmək məqsədilə yerləmə sistemi təşkil olunmuşdur.

Bundan əlavə hava gəmilərinin yuyulması üçün anqarda xüsusi yer ayrılmışdır. Anqarın müxləlif yerlərində aşagıdakı növ elektrik enerjisi təchiz olunmuşdur:
Bir və Üç Fazalı 115 volt, 400 Hz, dəyişən cərəyan mənbəyi,
Üç Fazalı 380 və Bir Fazalı 220 volt, 50 Hz, dəyişən cərəyan mənbəyi,
24 volt 90KW sabit cərəyan mənbəyi.

İlkin tibbi yardım məqsədi ilə anqarda 2 ədəd hər biri 50 nəfər üçün nəzərdə tutulmuş, lazımı dərmanlar ilə təchiz olunmuş tibbi yardım qutuları yerləşdirilmişdir. Anqarda mərkəzləşdirilmiş xüsusi yangın əleyhinə yanğınsöndürmə sistemi quraşdırılmışdır. Əlavə olaraq daşınan tozlu və azotlu yanğınsöndürmə cihazları sahəyə uyğun müvafiq sayda yerlədirilmidir. Alət və ehtiyyat hissələri xüsusi şəraitə malik lazımi avadanlıqlar ilə təciz edilmiş anbarlarda saxlanılır. Təyinatından asılı olaraq anbarlar alət, ehtiyyat hissələri və material anbarlarına bölünür. Anbarlara giriş məhdudiyyətli olaraq xüsusi icazə ilə mümkündür. Ehtiyyat hissələri yerləşdirilmiş stelajlar statik gərginliyin aradan qaldırılması üçün yerlənmişdir. Bəzi avionik qurğuların statik gərginliyə həssaslığı ilə əlaqədar olaraq hər bir stelajda antistat yerləşdirilmişdir.

Şərq və Qərb texnikaları istiqamətində ixtisaslaşmış texniki xidmət sexləri hava gəmilərinə bütün növ texniki xidmətlərin göstərilməsi üçün lazım olan müasir avadanlıqlar ilə təchiz olunmuşdur.
Cari təmir sexində yerüstü avadanlıqların, pilləkənlərin, xüsusi arabaların və texniki xidmət zamanı tələb olunan alət və aqreqatların təmiri həyata keçrilir.

Hava gəmilərində istifadə olunan qələvi və turşu akkumulyatorlarına texniki xidmət akkumulyator sexində həyata keçirilir. Akkumulyatorların doldurulması üçün lazım olan doldurucu aparatlar yerləşdirilmişdir.
Hava gəmilərində quraşdırılan müxtəlif ölçü cihazlarının yoxlanılması və uçuş parametrlərinin təhlili laboratoriyada aparılır.

Anqar binasının birinci mərtəbəsində Avropa Aviasiya Təhlükəsizlik Komitəsinin (EASA) Part 145 direktivləri əsasında fəaliyyət göstərən Loqistika şöbəsi , EASA standartlarına cavab verən ehtiyyat hissələri və alətlərin saxlanıldığı anbarlar, sexlər, keyfiyyət təminatı xidmətinin otağı, mühəndis və texniklərin otaqları, ikinci mərtəbədə ofislər, kitabxana, xidməti rəislərin otaqları və üçüncü mərtəbədə isə şərq və qərb texnikaları üzrə dispetçer qrupunun xidmət otağı yerləşmişdir.

TOP