Milli qəhrəmanlarımız

Qarabağ müharibəsində iştirak etmiş mülki aviatorlar

Səfa Fətulla oğlu Axundov

nation_heroes (3)     Səfa  Axundov 1958-ci ildə  Masallı rayonunda anadan olmuşdur. 1979-cu ildə Buquruslan Mülki Təyyarəçilər məktəbini bitirmişdir.

Qarabağ müharibəsi iştirakçısıdır. Zabrat  “Azalaero” aviaşirkətinə məxsus  Mi-8 helikopterinin komandiri S.Axundov tez-tez Dağlıq Qarabağa – müharibə zonasına uçuşlar etmiş, cəbhə üçün  lazım olan ərzaq, silah, yanacaq daşımışdır.  1992-ci il yanvarın  28-də növbəti Ağdam-Şuşa reysini həyata  keçirən zaman ermənilər tərəfindən  vurulmuşdur. Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Səfa  Axundov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiqgörülmüşdür.

 

Əsəd  Soltan oğlu Əsədov 

nation_heroes (12)   Əsəd  Əsədov  1956-cı ildə Zəngilan  rayonunun Taten kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1974-cü ildən 1976-cı ilədək Krasnokutsk  Təyyarəçilik məktəbinin kursantı olmuşdur.

Qarabağ müharibəsi iştirakçısıdır. Yevlax aviaşirkətinə  məxsus An-2 təyyarəsinin komandiri Əsəd  Əsədov  təcrübəli təyyarəçi kimi dəfələrlə Dağlıq Qarabağa- müharibə zonasına uçuşlar  etmiş, hər dəfə də igid komandir kimi çətin vəziyyətdə düzgün  qərar qəbul etmişdir. 1991-ci ildə Xocalıdan  qayıdarkən  Xanabad  yaşayış məntəqəsi  yaxınlığında onun idarə etdiyi   helikopter  erməni  yaraqlıları tərəfindən  güclü  atəşə tutulmuş, heyət və sərnişinlər həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Əsəd Əsədov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

 

Yavər Yaqub oğlu Əliyev

nation_heroes (5)   Yavər Əliyev 1956-cı ildə Bakı şəhərində neftçi ailəsində  anadan olmuşdur. Pirallahı  adasındakı  235 saylı orta məktəbi bitirdikdən sonra, Kremençuq  Mülki Aviasiya Təyyarəçilik məktəbinə daxil olmuş və 1977-ci ildə məktəbi bitirmişdir.

Əmək  fəaliyyətinə 1977-ci ildə  Zabrat aviamüəssisəsində başlamışdır.

  1. Əliyev Mi-2 helikopterində təyyarəçi, sonradan Mi-8 helikopterində  II  dərəcəli  təyyarəçi və helikopter komandiri vəzifəsində çalışmışdır. Yüksək peşəkarlığı, müsbət şəxsi keyfiyyətləri nəzərə alınaraq o, Zabrat aviamüəssisəsində uçuş dəstəsinin  komandiri təyin edilmişdir.

Yavər Əliyevin  təşkilatçılıq qabiliyyəti, mübarizliyi, yüksək peşəkar hazırlığı nəzərə alınaraq ilk hərbi helikopter eskadrilyasının komandiri təyin edilmişdir. O, az bir vaxtda mülki aviasiyasının ən yaxşı  təyyarəçilərini  eskadrilyaya cəlb edərək döyüşkən bir kollektiv yaratmışdı. Zakir Yusifov, Zakir Məcidov, Xanlar Səttarov, Feyruz Cəlilov, Faiq Məmmədov, Fəzail Bayramov və başqaları  Azərbaycan hərbi aviasiyasının  tezliklə  formalaşması üçün rahatlıq bilmədən çalışmışdılar.

  1. Əliyevin rəhbərlik etdiyi uçuş dəstəsi dağlıq rayonlardan əhalinin daşınmasında, həmçinin mühasirədə olan Ağdam və Şuşanın kəndləri arasında hava körpüsünün salınmasında,  döyüş uçuşlarında iştirak etmişdir. Bütün bu uçuşlarda o, təkcə  təşkilatçılıq qabiliyyətini deyil, eyni zamanda şəxsi qorxmazlıq və  igidliyini də nümayiş etdirmişdir.

Yavər Əliyev 29 fevral 1992-ci il tarixində növbəti tapşırığı  yerinə yetirərkən həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Yavər Əliyev Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Şəhidlər xiyabanında dəfn edilib.

 

Ərəstun İspandi oğlu Mahmudov

nation_heroes (6)   Ərəstun Mahmudov 1957-ci ildə İsmayıllı rayonunun Probilqasım kəndində anadan olmuşdur. 1978-ci ildə Vıborq Aviasiya məktəbini bitirdikdən sonra Zabrat Birləşmiş Aviasiya dəstəsində mexanik kimi  əmək  fəaliyyətinə başlamışdır.

Qarabağ müharibəsi iştirakçısıdır. Ərəstun Mahmudovun döyüş keyfiyyətləri  nəzərə alınaraq, Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd rayonlarda döyüş əməliyyatı keçirən  ekipajın tərkibinə daxil edilmişdir.

1992-ci il yanvarın 28-də  Mi-8 helikopteri ilə Ağdam-Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən  ermənilər tərəfindən vurulmuşdur. Ərəstun Mahmudov heyətlə birlikdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Ərəstun Mahmudov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Şəhidlər xiyabanında dəfn edilib.

 

Zakir Nüsrət oğlu Məcidov

nation_heroes (7)   Zakir Məcidov 1959-cu ildə Neftçala rayonunun Sovetabad kəndində anadan olmuşdur. 1974-cü ildə Bakıdakı 70 saylı orta məktəbi bitirdikdən sonra Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya  uçuş məktəbinə daxil olmuş və 1976-cı ildə həmin məktəbi təyyarənin uçuş istismarı ixtisası üzrə bitirmişdir.

Əmək  fəaliyyətinə 1976-cı ildə Yevlax aviadəstəsində An-2 təyyarəsində ikinci pilot kimi başlamışdır. 1979-cu ildən Zabrat aviadəstəsinə keçmiş, 1982-ci ildə An-2 təyyarəsinin komandiri olmuşdur. 1984-cü ildə istehsalatdan ayrılmadan Kremençuk Təyyarəçilik məktəbində  Mi-2 helikopterində  uçuş üçün ixtisasını dəyişmiş və 1985-ci ilin yanvar ayından Mi-24 helikopterinin komandiri  olmuşdur.

Qarabağ müharibəsi iştirakçısıdır. 1992-ci ilin mart ayında Azərbaycan Respublikası HHQ-in ilk helikopter eskadrilyasına qəbul edilmiş, millətçi-daşnak erməni qəsbkarlarına qarşı  müharibədə igidliklə vuruşmuşdur. 6 avqust 1992-ci ildə Z. Məcidov öz uçuş heyəti ilə birgə Ağdərə rayonunda növbəti döyüş tapşırığını  yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Zakir Məcidov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Şəhidlər xiyabanında dəfn edilib.

 

 

Hikmət Oqtay oğlu Muradov

nation_heroes (14)   Hikmət Muradov 1969-cu  ildə Bakıda  anadan  olmuşdur. 1991-ci ildə Krasnokutsk Təyyarəçilik məktəbini bitirmişdir. Məktəbi bitirdikdən sonra, Yevlax aviaşirkətində An-2 təyyarəsinə ikinci dərəcəli təyyarəçi vəzifəsinə  təyin edilmişdir.

Qarabağ müharibəsi iştirakçısıdır. O, An-2 təyyarəsində  dəfələrlə Dağlıq Qarabağa ləvazimat daşımaq  və aviasiya işçilərini Xocalıya aparmaq üçün uçuşlar etmişdir.

29 oktyabr 1992-ci ildə  H.Muradovun idarə etdiyi An-2 təyyarəsi Xocalıdan qayıdarkən Xanabad yaşayış məntəqəsi sahəsində ermənilər tərəfindən şiddətli raket atəşinə tutulmuş, nəticədə uçuş heyəti və sərnişinlər faciəli şəkildə həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Hikmət Muradov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Şəhidlər xiyabanında dəfn edilib.

 

Fəxrəddin Musa oğlu Musayev

 nation_heroes (2)   Fəxrəddin Musayev 1957-ci ildə Türkmənistanın Bayraməli şəhərində hərbçi ailəsində anadan  olmuşdur. Nijni Novqorod şəhərindəki Politexnik İnstitutunda təhsilini tamamlamamış ordu sıralarına  çağırılmış və Çexoslovakiyadakı Şimal qoşun qrupunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə ikən Orenburq Ali Hərbi Təyyarəçilər məktəbinə  daxil olmuşdur. Bakıya qayıtdıqdan sonra mükəmməl hazırlıqlı Fəxrəddin Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya  uçuş məktəbinə qəbul olunmuşdur. 1992-ci ildə o, həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək  An-2 təyyarəsinə komandir təyin edilmişdir.

Qarabağ müharibəsi iştirakçısıdır. 1992-ci ilin mart  ayından Mi-24 hərbi  helikopterində təyyarəçi-operator vəzifəsində hərbi xidmətə başlamışdır. 11 aprel 1992-ci ildə baş leytenant Fəxrəddin  Musayev Füzuli rayonunun ərazisində  düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Fəxrəddin Musayev Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Şəhidlər xiyabanında dəfn edilib.

 

Viktor Vasilyeviç Seryogin

nation_heroes (13)   Viktor Seryogin  23 mart 1944-cü ildə Gürcüstan Respublikasının  Tbilisi şəhərində anadan olmuşdur. 1986-cı ildə Kremençuq  Təyyarəçilik məktəbini bitirdikdən sonra Zabrat əlahiddə aviasiya dəstəsinə məxsus  Mİ-2 helikopterinin  təyyarəçisi vəzifəsinə təyin olunmuşdur. Mülki aviasiyada göstərdiyi xidmətlərinə görə “Əmək veteranı” medalı ilə təltif olunmuş və “Ən yaxşı təyyarəçi” adına layiq görülmüşdür.

Qarabağ müharibəsi iştirakçısıdır. Helikopter heyəti tərkibində dəfələrlə Dağlıq Qarabağ və Azərbaycanın sərhəd bölgələrinə uçuşlar etmişdir. Onun idarə etdiyi helikopter erməni quldurları tərəfindən atəşə tutularaq, zədələr almışdır. Heyət üzvləri Seryoginin rəhbərliyi ilə, düşmənin top atəşi altında belə təmir işləri apararaq, helikopteri işə salır, döyüş tapşırığını yerinə yetirirdilər.

  1. Seryoginin komandirliyi ilə 28 yanvar 1992-ci ildə Mi-8  helikopterinin  heyəti Ağdam-Şuşa marşrutu üzrə növbəti uçuşu yerinə yetirərkən Şuşa ətrafında düşmən tərəfindən atəşə tutulmuş və vurulmuşdur. Seryogin qəhrəmanlıq göstərərək yanan helikopteri yaşayış məntəqəsindən kənara  yönəltmiş, əlavə itkinin qarşısını almış, özü isə heyətlə birlikdə qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Viktor Seryogin  Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Şəhidlər xiyabanında dəfn edilib.

 

Zakir Tofiq oğlu  Yusifov

nation_heroes (1)    Zakir Yusifov  1956-cı ildə Bakıda  anadan  olmuşdur. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi  xidmətə çağırılmış, elə həmin il  Sovet İttifaqı Qəhrəmanı Taran adına Sasovo Mülki Aviasiya  uçuş məktəbinə daxil olmuş və 1977-ci ildə məktəbi bitirmişdir.

Əmək  fəaliyyətinə 1977-ci  ildə Yevlax aviadəstəsində mülki təyyarəçi kimi başlamış, An-2 təyyarəsinin komandiri olmuşdur. Eskadrilya komandiri, eskadrilya komandirinin müavini, uçuşu təşkil və təmin etmə müfəttişliyinin təyyarəçi müfəttişi kimi vəzifələrdə çalışmışdır. Z. Yusifov 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirmişdir.

Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə iştirakı zamanı 100-dən artıq döyüş uçuşu keçirmiş, erməni ekspedisiya korpusunun mövqelərinə raket zərbələri endirmişdir. Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənmişdir. Zakir Yusifov  11oktyabr 1992-ci ildə döyüş əməliyyatı zamanı qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Zakir Yusifov  Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Şəhidlər xiyabanında dəfn olunub.

 

Fəzail Qüdrət  oğlu Bayramov

nation_heroes (9)   Fəzail  Bayramov 1958-ci ildə Cəlilabad rayonunun Prişib kəndində anadan olmuşdur.  1975-ci ildə orta  məktəbi  bitirdikdən sonra Troitsk Mülki Aviasiya Texniki məktəbinə daxil olmuş və 1978-ci ildə bu məktəbi “Təyyarələrin və aviamühərriklərin texniki istismarı” ixtisası üzrə bitirmişdir. Məzun olduqdan sonra uzun illər Rusiyanın bir çox vilayətlərində- Krasnodar, Tümen, Urenqoy, Nadım və  Yamburq aviamüəssisələrində çalışaraq 2500 uçuş saatı həyata keçirmişdir.1989-cu ilin noyabrında Azərbaycana gələrək Zabrat aviamüəssisəsində əmək fəaliyyətini davam etdirmişdir.

Qarabağ müharibəsi iştirakçısıdır. Cəbhə zonasına ümumilikdə 143 uçuş yerinə yetirmişdir. Şuşa, Kəlbəcər, Xocalı, Qubadlı və başqa şəhərlərə hərbi texnika, dərman, sarğı materialları, ərzaq daşımış, döyüş zonalarından ağır yaralanmış qadınları, uşaqları və qocaları çıxarmışdır.

29 fevral 1992-ci ildə xidməti  borcunu  yerinə yetirərkən onun idarə etdiyi helikopter düşmən tərəfindən vurulmuş və bütün uçuş heyəti həlak olmuşdur. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Fəzail  Bayramov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

 

Zulkayda Xıdır Nəbi oğlu  Zulkaydayev

nation_heroes (4)   Zulkayda  Zulkaydayev 11 may 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.  1972-ci ildə orta  məktəbi  bitirdikdən sonra Krasnokutsk Təyyarəçilik məktəbinə daxil olmuş və bu məktəbi təyyarəçi ixtisası üzrə bitirmişdir.

Əmək  fəaliyyətinə Yevlax aviamüəssisəsinin kənd təsərrüfatı aviasiyasının heyətində başlamışdır.1988-ci ildən Zabrat aviamüəssisəsində An-2 təyyarəsinin komandiri vəzifəsində çalışmağa başlamışdır.1991-ci ildə Mi-2, Mi-8, daha sonra isə Mi-24 helikopterlərinin idarə edilməsi işini mənimsəmişdir.

Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə  dövründə 20 döyüş uçuşu yerinə yetirmiş, düşmənin xeyli texnikasını və canlı  qüvvəsini məhv etmişdir. Leytenant Zulkaydayev sərhədyanı bölgələrin  erməni quldurlarından müdafiə edilməsi uğrunda gedən  döyüşlərdə, o cümlədən, Füzulinin, Ağdamın, Tovuzun müdafiəsində yaxından iştirak  etmişdir. 10 may  1994-cü ildə Horadiz rayonu ətrafında  növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına  həlak olmuşdur.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Zulkayda  Zulkaydayev Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

 

Feyruz Xanbaba oğlu Cəlilov

nation_heroes (8)   Feyruz Cəlilov 28 may 1957-ci ildə Siyəzən  rayonunun Məşrif kəndində anadan olmuşdur. Orta  məktəbi  bitirdikdən sonra 1978-ci ildə  Kremençuq  Mülki Aviasiya Təyyarəçilik məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbi bitirmişdir. Əmək  fəaliyyətinə Zabrat aviamüəssisəsində başlamışdır.. 1986-cı ildə istehsalatdan  ayrılmadan  Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna daxil olmuş və 1992-ci ildə  bu məktəbin məzunu olmuşdur.

Qarabağ müharibəsi iştirakçısıdır. Kəlbəcər və Ağdərə rayonlarının  müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət və igidlik göstərmişdir. 1993-cü il avqustun 30-da ağır döyüşlərin  birində Qubadlıda mənfur düşmənlərimiz ermənilər tərəfindən Feyruz Cəlilovun  idarə etdiyi helikopter vurulmuş və uçuş heyəti  həlak olmuşdur. Döyüşlərdə göstərdiyi  qəhrəmanlığa görə Feyruz Cəlilov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.

 

Rasim Rasimoviç Mustafin

nation_heroes (10)   Rasim  Mustafin 1962-ci ildə Bakıda  anadan  olmuşdur. Vıborq Aviasiya məktəbini bitirmişdir.

Qarabağ müharibəsi iştirakçısıdır. 1993-cü ildə  növbəti döyüş tapşırığını  yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikasının  suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi  mərdlik və qəhrəmanlığa görə Rasim  Mustafin Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırılmışdır.

 

Valeri Merkulov

nation_heroes (11)   Valeri Merkulov 1959-cu ildə anadan olmuşdur. Kremençuq  Mülki Aviasiya Təyyarəçilik məktəbini  bitirmişdir.

Qarabağ müharibəsi iştirakçısıdır. 1993-cü ildə  döyüş tapşırığını  yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.

Döyüşlərdə göstərdiyi  qəhrəmanlığa görə Valeri Merkulov Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə mükafatlandırılmışdır.

TOP